“Orxan LM” MMC-nin istehsalı olan 83 ton unun satışı dayandırılıb
18/03/2010 10:36
“Orxan LM” MMC-nin istehsalı olan 83 ton unun satışı dayandırılıb

Bakı. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 257 ünvanında sahibkar İmtiyaz Babayevə məxsus çörək sexində apardığı yoxlama zamanı çörək istehsalında istifadə olunan undan götürülmüş nümunənin laborator müayinəsi nəticəsində əla növ unun rənginin və tərkibindəki mineral qarışıqların normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib. 
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq, istehsalçı “Orxan LM” MMC-də yoxlamaya başlanılmış və istehsal olunan unlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Nəticədə “Orxan LM” MMC-də istehsal olunan “Odlar yurdu” əmtəə nişanlı 1-ci növ və “Orxan” əmtəə nişanlı 2-ci növ unun tərkibində küllülüyün normadan artıq, müvafiq növ un üçün ələkdən keçməli olan unun miqdarının normadan az, rənginin normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Bundan başqa, unların etiketinin üzərində istehsal tarixi və saxlama müddətinin göstərilmədiyi, məhsulların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, sexdə olan laboratoriyanın akkreditasiya olunmadığı aşkar edilmişdir.
Bu qanun pozuntuları ilə əlaqədar məhsul istehsalının və anbarda olan 83 ton unun satışının dayandırılması barədə “Orxan LM” MMC-yə göstəriş verilmiş və haqsız rəqabət hallarına yol verildiyinə görə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. 
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara və çörək istehsalçılarına un alarkən diqqətli olmağı və “Orxan LM” MMC-nin istehsalı olan unları almamağı tövsiyə edir.