Sumqayıt şəhərinin nümayəndə heyəti EUROCITIES təşkilatının işçi qrupunun iclasında iştirak edib
25/02/2010 09:30
Sumqayıt şəhərinin nümayəndə heyəti EUROCITIES təşkilatının işçi qrupunun iclasında iştirak edib

Sumqayıt şəhərinin nümayəndə heyəti 18-19 fevral tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən EUROCITIES təşkilatının Şərq Tərəfdaşlıq Proqramı üzrə işçi qrupunun növbəti iclasında iştirak edib. Bu barədə RİYAD MEDİA-ya Sumqayıt Şəhər İcra Ahkimiyyətindən bildiriblər.

Vyana şəhər meriyasının rəhbərlik etdiyi işçi qrupun gündəliyinə şəhərsalma və yeni yaşayış massivlərinin tikintisi, Avropa Qonşuluq Sİyasətində şəhərlərin rolu, vətəndaş cəmiyyətinin yerli idarəetmədə iştirakı məsələləri daxil edilib.

Tədbirdə Sumqayıt şəhəri haqqında qısa təqdimat nümayiş etdirilib, şəhər haqqında görüş iştirakçılarına məlumat verilib. İkigünlük yığıncaqda şəhərlərin nümayəndələri arasında qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrdə iştirak barədə müzakirələr aparılıb, iştirakçılar üçün həmçinin BMT-nin Vyanada yerləşən baş ofisi ilə tanışlıq gəzintisi təşkil olunub.

Tədbirdə ümumilikdə Avropanın 21 ölkəsindən 30-dək nümayəndə iştirak edib.