![]() Azərbaycan Mətbuat Şurasının 2009-cu ildə gördüyü işlərə dair hesabat verdi
![]() 27/01/2010 13:55
![]()
Azərbaycan Mətbuat Şurasının 2009-cu ildə gördüyü işlərə dair hesabat verdi
Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) 2009-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edib. RİYAD MEDİA-nın xəbərinə görə, MŞ-nın ötən il həyata keçirdiyi fəaliyyət istiqamətlərinə dair məlumat verən MŞ sədri Əftatun Amaşov bildirib ki, Şura bütün illərdə olduğu kimi, hesabatda qərar və rəylərə, reallaşdırılan tədbirlər və təşəbbüslər, müraciətlərin araşdırılma qaydaları və s. məsələlər əksini tapıb. Sənəddə eyni zamanda MŞ-nin il ərzində reallaşdırdığı tədbir və təşəbbüslər xronoloji ardıcıllıqla qeyd olunub. Şura sədrinin sözlərinə görə, 2009-cu ildə Mətbuat Şurasına ümumilikdə 489 müraciət daxil olub. Onlardan 176-ı ayrı-ayrı vətəndaşlardan, 167-i dövlət idarə, müəssisə və təşkilatlarından, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır. Daxil olan müraciətlərdən 267-i Şuranın Katibliyində həllini tapıb. 222 müraciət Şikayətlər üzrə Komissiyada araşdırılıb. 31 şikayətə isə İdarə Heyətində baxılaraq müvafiq qərarlar çıxarılıb. Hesabatda İdarə Heyətinin keçirdiyi iclasların, müzakirə edilən məsələlərin, Şuranın Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının rəyləri əsasında çıxarılmış qərarların say göstəriciləri, həmçinin İH-nin iclaslarında müzakirə edilən digər məsələlər barədə məlumatlar yer alıb. Qeyd olunub ki, ötən il İdarə Heyəti özünün 12 iclasında 65 kütləvi informasiya vasitəsinin fəaliyyətinin bu və ya digər aspektləri ilə bağlı ümumilikdə 31 qərar qəbul edib. «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının il ərzində keçirdiyi iclasların sayı 8-dir. Həmin iclaslarda ümumilikdə 57 məsələ müzakirə olunub. Qurum 38 KİV-in fəaliyəti ilə bağlı ümumilikdə 4 rəy çıxarıb. Həmin rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib. Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında 2009-cu ildə dörd dəfə “reket nəşr”lərin adlarını açıqlayıb. Fevralda 36, apreldə 19, iyunda 8, oktyabrda 5, dekabrda isə 8 KİV-in adı “qara siyahı”ya salınıb. MŞ-nin əvvəlki illərdə çıxardığı qərarlara əsasən «reket nəşr» elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı siyahıya daxil edilib. |