![]() Söz Azadlığını Müdafiə Fondu 20 Yanvar faciəsi ilə bağlı dünya xalqlarına müraciət edib
![]() 13/01/2010 13:59
![]()
Söz Azadlığını Müdafiə Fondu 20 Yanvar faciəsi ilə bağlı dünya xalqlarına müraciət edib
Söz Azadlığını Müdafiə Fondu (SAMF) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı dünya xalqlarına və dövlətlərinə müraciət ünvanlayıb. SAMF-dan RİYAD MEDİA-ya verilən məlumata görə, müraciətdə deyilir: “İnsan hüquq və Azadlıqlarına Dair Avropa Konvensiyasının “Hər kəsin yaşamaq hüququ”nu təsbit edən II maddəsinin, “Heç kəsin ləyaqəti alçaldilmaqla işgəncəyə məruz qalmaması hüququ”nu təsbit edən III maddəsinin, eləcə də bir çox digər beynəlxalq hüquq normalarının tələblərinin pozulması kimi tarixə düşmüş SSRİ qoşunlarının törətdiyi Bakı qırğınından 20 il keçir. 20 il öncə yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları dinc əhalinin üzərinə yeriyərək Bakı qətliamını həyata keçirdilər. Nəticədə 146 nəfər adam öldürüldü, 700- qədər adam yaralandı, 800-dən çox hərəkat fəalları həbsxanalara dolduruldu. Hələ bundan əvvəl – AzTV-nin enerji blokunun partladılması nəticəsində və ümumiyyətlə müvafiq fərman qüvvəyə minənədək artıq 9 nəfərin həyatına son qoyulmuşdu. Bakıda başlanan qırğın bundan sonra ölkənin regionlarında davam etdirildi. Lənkəranda, Neftçalada Azərbaycan vətəndaşları gülləboran edildi” Müraciətdə həmçinin Rusiya tərəfindən cinayət faktının etiraf olunmamasının gələcəkdə bu tipli qanlı olaylar üçün bir presedent kimi qalacağı da xüsusi vurğulanır: “Bu müdhiş olaya Rusiya rəhbərliyi tərəfindən siyasi qiymət verilməsi təbii ki, axıdılmış qanları, bir xalqın faciəli şəkildə dünyalarını dəyişmiş oğul və qızlarını geriyə qaytarmayacaq. Ancaq bu tarixi cinayətin rəsmən etiraf olunmaması gələcəkdə analoji hadisələrin təkrarlanacağı üçün bir presedent rolunu oynaya bilər. Heç bir xalqın tarixində belə arzuolunmaz hadisələrin təkrarlanmaması üçün bütün dünya xalqlarını Rusiya dövlətinin hadisəyə siyasi qiymət verməməsi faktına münasibət bildirməyə çağırırıq”. |