Əli Mirəliyev: «Səsi olmayan müğənnilər zavodda, fabrikdə işləsələr, daha yaxşı olar»
04/10/2009 14:43
«İkinci dəfə həyata gəlsəydim, yenə də müğənni olardım»

Bu müvəqqəti dünyadan istədiklərimiz o qədər də çox deyil. Bir az sevinc, xoşbəxtlik payı diləyirik yaradandan. Bu işıqlı həyatın qaranlıq üzünü də görən, həyatın keşməkeşlərindən alnıaçıq, üzüağ çıxmağı bacaran, həmişə şən, zarafatcıl görünən müsahibim, sevimli müğənnimiz söhbətimiz zamanı səmimi olmağa çalışdı. Beləliklə qonağımız Əli Mirəliyevin pərdəarxası həyatı, düşüncələri ilə tanış etmək istəyirik sizləri. Gəlin onun çoxlarına bəlli omayan qəlb dünyasına birlikdə səyahətə çıxaq.  

- Əli müəllim, ilk öncə bu sənətə gəlişinizdən danışardınız.
- Mənə fitri istedad uşaqlıqdan verilib. Evdə mənim müğənni olmağıma razı deyildilər. Onlar istəyirdilər mən ya polis, ya hüquqşünas, ya da da jurnalist olum. Buna baxmayaraq, mən nusiqidən ayrıla bilmirdim. Sovetskidə yaşayırdıq. İkiotaqlı evimiz var idi. Mən damda məşq edirdim ki, səsimi evdəkilər eşitməsinlər, oxumağımı bilməsinlər. Qonşular anama deyirdilər ki, bilirsən, sənin oğlunun nə qəşəng səsi var? Qonşunun evində, qohumun evində, harda imkan tapırdım, orda oxuyurdum, məşq edirdim. O vaxtlar Rübabənin, Şövkətin, Gülağanın, Tükəzbanın, Bülbülün, Rəşid Behbudovun səsi məni məftun edirdi. Mən onlarla nəfəs alırdım. Aşaq Şakir, Aşıq Qurban, Aşıq Pənah. Bu aşıqların da vurğunu olmuşam. Ən çox rəğbət bəslədiyim müğənni isə Qulu Əsgərov olub. Mənim müğənni kimi yetişməyimdə Rübabə Muradova və Qulu Əsgərovun böyük əməyi olub. Məni özləri ilə el şənliklərinə aparırdılar. Onların səhnədən kənar xasiyyətləri, səhnə mədəniyyətləri ilə maraqlanırdım. Mən toylara gizli gedirdim. Onlar mənə pul verirdilər. Gəlib anama verirdim. Anam təəccüblənirdi ki, bu pulları sənə kim verib. Deyirdim Rübabə xala. Anam deyirdi ki, sən toyda neynirsən? Deyirdim ki, Rübabə xaaya kömək edirəm, hərdən mən də oxuyuram. Anam da hirslənirdi ki. sənə deməmişəm oxuma. Atan, qardaşın bilsə səni öldürər. Bax, mən sənətə belə əzab-əziyyətlə gəlmişəm. Sonra atam rəhmətə getdi, qardaşım da evləndi, anam tək qaldı. Atamdan sonra vəziyyətimiz çətinləşdi. Hətta elə olurdu ki, anam bizi dolandırmaq üçün öz qanını satırdı. Bir gün gördüm ki, həyətdə pilləkəndə anamın başı gicəllənib, əyləşib pilləkəndə. Qonşudan soruşdum ki, anama nə olub? Başı niyə gicəllənir? Qonşu dedi ki, bəs anan qanını satır ona görə. Həmin andan etibarən sərbəst toylara getməyə başladım. Onda mənim hardasa 16-17 yaşım olardı. Sonra 1970-ci ildə əsgər getdim. 72-ci ildə əsgərlikdən qayıdandan sonra Dövlət Filarmoniyasının Konsert Birliyində ansambla işə düzəldim. 1977-78-ci illərdə Gülarə xanım Əliyeva məni “Dan ulduzu” instrumental ansamblına dəvət elədi. Burada Flora Kərimova, Hüseynağa Hadıyev, Züleyxa Mirismayılova, Yalçın Rzazadə ikə tanış oldum. Ansamblın rəhbəri Gülarə Əliyeva çox gözəl pianoçu, alicənab insan idi. Gülarə xanımdan sənətlə bağlı çox şeylər öyrəndim. Daha sonra məni Filarmoniyanın nəzdində Dövlət Mahnı və Rəqs Ansamblında işə qəbul etdilər. Orada 1999-cu ilə qədər fəaliyyət göstərdim. Fonda 100-dən çox mahnım var.

-İlk ifa etdiyiniz mahnını xatırlayırsınız?  - İlk mahnım S.Rütəmovun “Həkim qız” mahnısı idi. O mahnını Gülağa da, Şövkət də oxumuşdu. Şövkət xanım mənim ifamı bəyənmişdi. Deyirdi ki. “Köpək oğlu. Yaman oxuyansansan ha. Sən yaxşı oxuyursan”. C.Cahangirov, Səid Rüstəmov, Əhsən Dadaşov, Baba Salahov, Həbib Bayramov mənə sənətdə çox təkan veriblər. Mənim sonrakı fəaliyyətim duetlərlə bağlıdır. Ruhəngiz Musəvi, Xədicə Abbasova, Firuzə İbadova, Flora Kərimova, Elmira Rəhimova ilə gözəl duetlər ifa etmişik. “Qayıt gəl”, “Yaraşaydım”, “Ay işığında”, “Oynadı qızlar” kimi mahnılar məni xalqa sevdirib, tanıtdirib.

- Filarmoniyada, Mahnı və Rəqs Ansamblında işləmisiniz. Bəs nə üçün həmin musiqi ocaqlarından adınız fəxri ad üçün təqdim olunmayıb?

-Gözəl sualdır. 3 dəfə mənim adım fəxri ad üçün təqdim olunub. Dövlət Mahnı və Rəqs Ansamblında işləyəndə Rafiq Seyidzadə direktor idi. Gözəl saksafon ifaçısıdır. O mənim 3 dəfə təqdimatımı verdi. Amma eşitdim ki, nazirlikdən adımın üzərindən xətt çəkilib. O zaman Polad Bülbüloğlu mədəniyyət naziri idi. Polad müəllimi tutub dedim ki, məni xaricə göndərirsən, Azərbaycan musiqisini orada təmsil edirəm, bəs niyə mənə ad vermirsən? Qayıtdı ki, sən çox şeyləri bilmirsən. Bu məndə asılı deyil. Deyirdim axı sən mədəniyyət nazirisən. 
Gülarə xanımın qəfildən dünyasını dəyişməsi mənim acı günlərimin başlamasına səbəb oldu. Bəlkə də Gülarə xanım sağ olsaydı, mən mədəniyyət naziri olardım. Çünki məndə o istedad var idi, musiqini gözəl bilirdim, necə deyərlər, dilim də var idi, dilçəyim də.

 - Bəlkə bunların arxasında maddiyyat dayanırdı? 
- İnanın ki, mən heç vaxt pul verib sənətə gəlməmişəm. Bu gün də çağırılmayan yerə getmirəm. Düzdür, bu gün açıq-aşkar alverdir. Müğənnilərin 50%-i adları pulla alıb. 38 ildir ki, sənətdəyəm. Mənə bundan sonra əməkdar, ya xalq artisti versələr, ürəyim partlayar. Çünki mən elə Əli Mirəliyev kimi təqdim olunmağa öyrəşmişəm. 
 
 Sizcə fəxri ad insan həyatında nə kimi rol oynayır?
- Heç bir rol oynamır. Mənim ən böyük adım var: “Xalqın sevimli müğənnisi Əli Mirəliyev”. Mənim həyatda ən böyük qələbəm odur ki, xalqın sevimli müğənnisiyəm. Buna da hər adam nail ola bilmir.

-Əli müəllim, belə bir misal var. desəm öldürərlər, deməsəm ölləm. Düz danışdığınız üçün hərdən sizi qınayanlar olur?
- Məni yaxından tanıyan adam məndən inciməz. Çünki tanıyanlar bilirlər ki, hər zaman sözün düzünü demişəm. Kompüterlə səs olmur axı. İnsanın gərək öz təbii səsi olsun. Fitri istedadı, Tanrı vergisi olmalıdır. Bütün millətin hamısının səsi var. Deməli hamı müğənni olmalıdır? Səsi olmayan müənnilər zavodda, fabrikdə işləsələr, daha yaxşı olar. Mən səsi olmayanlara “geydirmə səs” deyirəm. Hələ bu harasıdır, oxumaq qalır qırağa, başlayırlar onların geyimini, evlərini, maşınlarını gündəmə gətirməyə. Biri pişiyə, siçana, heyvana konsert verməyə başlayır. Bu yolla bunlar gündəmə gəlirlər. Qətiyyən mən onları qəbul etmirəm.

 -Toylara çox baha qiymətə gedirsiniz?
-Mən yetim heç pul danışıram ki? Kimin nəyə gücü çatır, onu da verir. 73-cü ildən bu günə qədər heç kim deyə bilməz ki, Əli Mirəliyev mənimlə qiymət danışıb. Ömrüm boyu fanatlarımın toyunda pulsuz oxumuşam. Konkret qiymət qoyan müğənnilərin ömrü də konkret olur. Bir-iki ilə onlardan əsər-əlamət qalmır. 

-Həyat yoldaşınızla övladlarınız sizin fanatınızdır?
-Həyat yoldaşım fanatım deyil. Çünki o hər dəfə məni pisləyir ki, yenə də başladın, filankəsin adını çəkdin. Qızım deyir ata, işində ol. Nəvələrim də mənim fanatımdır.
  
- Əli müəllim, elə həqiqətlər var ki, siz onları danışsanız, aləm bir-birinə dəyər?
- Kişinin gərək hulqumu olsun. Düzdür, 38 ildə mən nələr görmüşəm, onu Allah bilir. Təbii ki, müğənnilərdən söhbət gedir. Sənət barəsində tənqidlərimi bildirmişəm. Amma heç vaxt şəxsi həyata qarışmamışam. Çünki bunlar kişiyə yaraşmır.

- Sizcə bu gün Azərbaycan şou-biznesində əsas problem nədədir?
- Əsas problem odur ki, yerindən qalxan müğənni yerindən qalxan bəstəkarın mahnısını oxuyur. Bilinmir, o mahnının atası kimdir, anası kimdir. Mən səhnə mədəniyyətini, oxumağı klassik müğənnilərdən öyrənmişəm, onlardan bəhrələnmişəm. Ona görə, mən bu gün gəlib Əli Mirəliyev oldum. Amma indikilər gəlib biclikləri öyrənirlər.

- Kimlərlə bir səhnəni bölüşmək istərdiniz, kimlərlə istəməzdiniz? 
- Səməd Səmədovla bir səhnəni bölüşmək istəməzdim. Zəif müğənnidir. O yaxşı oğlandır, mənim dostumdur. Amma oxuyan deyil. Mən yüz dəfə demişəm özünə. Səməd Səmədov “delovoydur”, amma oxumaq başqa şeydir. 

-Əli müəllim, arzuladıqlarınızdan daha nə qalıb?
- Nəvəmin sağ-salamat toyunu görmək istəyirəm. İlk nəvəm olduğu üçün onu çox istəyirəm. Qızımın qızıdır. Oğlumun da bir oğlu var. Onun da toyunu görsəydim, pis olmazdı. Səhhətim tam bərpa olunandan sonra oxumaq istəyirəm. İndi hələ ki, toylara az gedirəm.

- “Riyad Media” Agentliyinə nə arzulayardınız? 
 - “Riyad Media” Agentliyini gələcəkdə daha geniş görmək istəyirəm. Hiss elədim ki, bu agentlik təzə yaranıb. Sizə müvəffəqqiyyətlər arzulayıram. Daha geniş, baxımlı olsun. Həm keçmişimizi, həm də gələcəyimizi özündə əks etdirsin.